"Milan"da təcili iclas - Hansı qərarlar verildi?
“Milan” rəhbərliyi ardıcıl uğursuz oyunlardan sonra bu gün təcili toplantı keçirib.
Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, iclas “Sassuolo”ya evdə 2:5 hesablı məğlubiyyətdən sonra baş tutub.
Komanda 6 oyundur qələbə qazana bilmir və ardıcıl 3 görüşdə böyük hesabla uduzub (topların fərqi 2-12). Stefano Piolinin komandası 2-ci yerdən 5-cü pilləyə düşüb.
Toplantıda transfer pəncərəsinin son günlərində heyətin gücləndirilməsi müzakirə olunub. Hələ ki qışda yalnız “Quarani”nin qapıçısı Devis Vaskeslə müqavilə bağlanıb.
Maraqlıdır ki, “Milan” rəhbərliyi transferlərlə bağlı ortaq məxrəcə gələ bilmir. Baş direktor Corcio Furlani, texniki direktor Paolo Maldini və idman direktoru Frederik Massaranın “Roma”dan Nikolo Zanyolo, yoxsa “Çelsi”dən Hakim Zieşin transferi ilə bağlı fikirləri yekdil deyil.
Hesab edilir ki, mərskeşli futbolçunu daha ucuz qiymətə əldə etmək olar. Lakin Zieşin əməkhaqqısı yüksəkdir. Zanyolonun maaşı az olsa da, transfer qiyməti baha başa gəlir.
ANAR ABDULLAYEV







