Millətlər Liqası: Azərbaycan növbəti turnirə yoxlama oyunları kimi baxmalıdır
UEFA Millətlər Liqasının 2023\2024-cü illər mövsümünün püşkü atıldı. Azəərbaycan yığmasının püşkdə bəxtinin gətirdiyini demək olmaz. Millimiz demək olar ki, hər səbətin ən güclüsü ilə qarşılaşacaq. Özü də hər 3 komandanın Azərbaycanla bağlı xoş olmayan xatirələri var və bunu elə ilk açıqlamalarda da görmək mümkündür. İsveç Bakıdakı 0:3 hesablı məğlubiyyətin revanşı ilə yaşayır, Slovakiyanın baş məşqçisi Françestko Kaltsona evdə komandamıza uduzduqları oyunu (1:2) xatırlayaraq, “Azərbaycan millisi ilə bağlı pis xatirələrimiz var” deyib. Estoniya da aydın məsələdir ki, Tallindəki məğlubiyyəti unutmayıb. Bir sözlə, yığmamızın yeni baş məşqçisinin işi asan olmayacaq.
Amma nəzərə almaq lazımdır ki, Millətlər Liqasının cari mövsümü heç bir böyük yarışa vəsiqə vermir. Bu səbəbdən də qarşıdakı turnirə sırf yoxlama oyunları kimi baxmaq daha məqsədəuyğun olar. Yəqin ki, yığmamızın yeni baş məşqçisinin kimliyinə AFFA-nın növbəti Konfransından sonra aydınlıq gələcək. Monqolustan və Bolqarıstanla martda Bakıda keçiriləcək görüşlərə komandanı Arif Əsədov çıxaracaq. Martın sonlarında isə AFFA-nın hesabat-seçki Konfransı nəzərdə tutulur. Yəqin ki, yeni prezident Azərbaycan millisinin baş məşqçisi ilə də bağlı suallara aydınlıq gətirəcək.
Əslində Millətlər Liqası yeni məşqçi üçün sırf tanışlıq xarakteri daşımalıdır. Çünki bu yarış heç bir turnirə vəsiqə vermir, ən yaxşı halda B liqasına yüksəlmək olar. Bu isə bizə sərf etmir. Çünki B Liqasında yetərincə güclü komandalar var və ordan AVRO-2028-ə vəsiqə qazanmaq qeyri realdır. C liqasında isə bunu həyata keçirmək olar. Necə ki, heyətinə görə bizdən o qədər də güclü olmayan Qazaxıstan martda qitə çempionatına vəsiqə uğrunda pley-off matçlarına qatılacaq.
Sadəcə bir məsələ var ki, ilk iki oyunda Bakıda İsveçə və ardınca səfərdə Slovakiyaya məğlub olsaq, millinin yeni baş məşqçisi ciddi tənqidlərə məruz qalacaq. Əslində isə mətbuat Millətlər Liqasının qarşıdakı mövsümünə yoxlama oyunları ab-havasında yanaşmalıdır. De Byaziyə o qədər vaxt verilmişdisə, yeni məşqçini də gələn kimi sıxma-boğmaya salmaq olmaz.