Millimizin rəqibində baş məşqçi məsələsi həll olundu
Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovla bağlı qərar verilib.
Msport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis ən azı DÇ-2026-nın seçmə mərhələsinin sonuna qədər postunda qalacaq.
İlk iki turda Fransaya məğlubiyyət (0:2) və Azərbaycanla heç-heçədən (1:1) sonra Ukrayna futbol ictimaiyyəti Rebrovun istefasını tələb edib. Üstəlik, Yunanıstanın “Panatinaikos” klubundan gələn təklif ayrılığın baş tutma ehtimalını daha da artırıb. Lakin Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko fərqli fikirdədir.
Şevçenko vaxtilə birgə çıxış etdiyi Rebrova hələ də güvənir. Qurum rəhbəri ən azı seçmə mərhələnin sonuna qədər baş məşqçi dəyişikliyinə getməməyi qərara alıb. Bu isə o deməkdir ki, Ukrayna millisini oktyabrda da Azərbaycan önünə Rebrov çıxaracaq.
Qeyd edək ki, Ukrayna yığması oktyabrın 10-da İslandiya, 13-də isə Azərbaycan millisi ilə qarşılaşacaq.