“Millinin son oyunlarında meydana çıxmamağım normal haldır”
“Milli komandaya dəvət aldığım üçün çox şad oldum. Yığmada olmaq həmişə faydalıdır. Hər matçda meydana çıxmasan da, təcrübə qazanırsan”.
Bu sözləri Msport.az saytına açıqlamasında Azərbaycan millisinin və Türkiyənin “Tuzlaspor” komandasının futbolçusu Bəxtiyar Həsənalızadə deyib.
Yığmamızın bu ay Belçika ilə AVRO-2024-ün seçmə mərhələ və İordaniya ilə yoldaşlıq oyunları üçün açıqlanan heyətinə dəvət alan müdafiəçi heç bir qarşılaşmadan meydana çıxmayıb. O, bunun normal hal olduğunu bildirib:
“Klubumda çox oyun keçirməmişəm. Səbəb bundan qaynaqlana bilər. Oyun praktikamın azlığı buna təsir edir”.
Belçikaya 0:1 hesabı ilə uduzduqları oyunu şərh edən Həsənalızadə yığmanın sonadək vuruşduğunu söyləyib: “Bəlkə də çox bizim asan və böyük hesabla məğlub olacağımızı gözləyirdi. Amma komanda meydanda əla mübarizə apardı. Şanssız şəkildə qol buraxdıq və nəticədə məğlub olduq. Bəlkə də o topu buraxmasaydıq, hər şey fərqli olardı”.
O, İordaniya ilə matçda isə yorğunluq amilini qabardıb: “Əksər oyunçularımız yorğun idilər. Ona görə də istədiyimiz kimi oynaya bilmədik. Amma sonradan toparlandıq və qalib gəlməyi bacardıq. Qələbə hər zaman xoşdur”.