Morata və Yamal tarixə düşdü
AVRO-2024-ün finalında İngiltərə ilə oyun İspaniya yığmasının iki futbolçusu üçün əlamətdar olub.
Msport.az xəbər verir ki, start heyətində çıxış edən hücumçu Alvaro Morata və vinger Lamin Yamal tarixə düşüb.
Morata Avropa çempionatlarında ümumi oyun sayını 17-yə çatdırıb. Bununla o, qitə birinciliyinin final mərhələlərində ən çox matç keçirən futbolçu rekordunu ələ keçirib.
Yamal isə Avropa çempionatlarının final qarşılaşmasında çıxış edən ən gənc oyunçu olub. O, dünənki matçda 17 yaş 1 günlüyündə olub. Yamal bununla Renato Sançesin rekordunu qırıb. Portuqaliyalı 18 yaş 327 günlüyündə AVRO-2016-nın Fransaya qarşı final görüşündə oynamışdı.
Yamalın digər rekordu məhsuldar ötürmə ilə bağlı olub. O, Niko Uilyamsın qolunda yaxından iştirak edərək, AVRO-2024-də 4-cü məhsuldar ötürməsini verib. Bununla Yamal bir qitə birinciliyində 4 assist etmə rekordunu təkrarlayıb. Yamala qədər Steven Zuber (2021), Aron Remsi (2016), Eden Azar (2016) və Lyubinko Druloviç (2000) bunu bacarmışdı.
Qeyd edək ki, İspaniya yığması 2:1 hesablı qələbə qazanaraq, 4-cü dəfə Avropa çempionu olub.