Nazir “Birbaşa Bakı”nın heyəti ilə görüşdü
Bu gün Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Polşada təşkil olunan minifutbol üzrə Avropa Çempionlar Liqasının qalibi “Birbaşa Bakı” komandasının heyəti ilə görüşüb.
Msport.az xəbər verir ki, görüşdə məşqçi və futbolçuların yarışla bağlı təəssüratları dinlənilib.
Ölkəmizi turnirdə layiqincə təmsil etdiklərinə və qazanılan yüksək nailiyyətə görə onları təbrik edən nazir və federasiya prezidenti bu qələbənin ölkəmizdə minifutbolun inkişafının bariz nümunəsi kimi qiymətləndiriblər.
Fərid Qayıbovun sözlərinə görə, milli komandamızın Avropa çempionu olduqdan sonra minifutbola maraq artıb. O bildirib ki, federasiyanın gördüyü işlərin, milli çempionatın yüksək səviyyədə keçirməsinin nəticəsidir ki, klublarımız və millimiz beynəlxalq arenada uğurlu nəticələr əldə ediblər.
Federasiya prezidenti Orxan Məmmədov xoş sözlərə görə nazirə təşəkkürünü çatdırıb. Bütün idman növlərində olduğu kimi, minifutbola da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edən federasiya rəhbəri bu amilin uğurların qazanılması üçün əlavə stimul yaratdığını deyib.
“Birbaşa Bakı” komandasının təsisçisi Ramin Hacıyev isə nazir və federasiya prezidentinə xoş sözlərə, göstərdikləri diqqətə görə minnətdarlığını bildirib. Komandanın Çempionlar Liqasında qələbə qazanmasını Azərbaycanın bir daha idman ölkəsi olması ilə əlaqələndirən klub rəsmisi gələcəkdə beynəlxalq arenalarda uğur qazanmaq üçün daha səylə çalışacaqlarını vurğulayıb. Görüşdə, həmçinin komanda üzvləri yarışla bağlı təəssüratlarını bölüşüblər.
Sonda “Birbaşa Bakı” komandasının forması nazir Fərid Qayıbova təqdim olunub və xatirə şəkli çəkilib.