“Neftçi”nin sabiq baş məşqçisi yenə qovuldu
“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç karyerası ərzində çalışdığı 22-ci komandadan da qovulub.
Msport.az xəbər verir ki, monteneqrolu mütəxəssis İranın “İstiqlal” klubundan istefaya göndərilib.
Onun bu kollektivdəki işi cəmi 2 ay çəkib. Fevralın sonunda baş məşqçi təyin edilən Bojoviçin fəaliyyəti klub rəhbərliyini razı salmayıb. Onun rəhbərliyi altında Tehran təmsilçisi Asiya Çempionlar Liqası ilə vidalaşıb. Yerli çempionatda keçirilmiş 7 matçda isə “İstiqlal” qələbə qazana bilməyib və cəmi 4 xal yığıb. Bojoviç “İstiqlal” klubunun tarixinə bir dəfə də olsun qələbə qazana bilməyən yeganə məşqçi kimi düşüb. Paytaxt təmsilçisi hazırda 30 xalla 16 komanda arasında 11-ci pillədədir.
Qeyd edək ki, Bojoviç 2023-24 mövsümündə “Neftçi”nin sükanı arxasında olub. O, Bakı klubundan da uğursuz nəticələrə görə göndərilib.