Neymar 10 aydan sonra qayıdacaq
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun və Braziliya millisinin futbolçusu Neymarın yaşıl meydanlara qayıdacağı təxmini vaxt bəlli olub.
Msport.az “Globo” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu noyabrın 2-də əməliyyat olunacaq.
Onun 10 aydan sonra yaşıl meydanlara qayıda biləcəyi vurğulanıb. Bu o deməkdir ki, Neymar bir də ən yaxşı halda 2024-cü ilin avqust ayında komandasına kömək edə biləcək.
Neymar oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) ciddi zədə alıb. Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub. Onun bərpası 6 aydan çox çəkəcək.
Qeyd edək ki, Neymar bu yay Fransa klubu PSJ-dən “Əl-Hilal”a keçib. O, yeni komandanın heyətində 5 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib.