Nigeriyalı biznesmen “Şeffild Yunayted”i alır
Nigeriyalı biznesmen İngiltərənin “Şeffild Yunayted” klubunu almaq istəyir. Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, Dozi Mmobuosi yaxın həftələrdə Çampionşipdə mübarizə aparan komandanı almaq üçün danışıqları yekunlaşdırmaq istəyir. O, “Şeffild Yunayted”i ələ keçirməyə görə 90 milyon funt xərcləmək niyyətindədir.
İş adamı klubun transferlərə – xüsusən də Rayn Brüster və Sander Berqin keçidinə görə yaranan borcları ödəməyə hazırdır. Hazırda “Şeffild Yunayted” bu futbolçulara qarşı öhdəliyi yerinə yetirmədiyi üçün transferə qadağa qoyulub.
Mmobuosi 2001-ci ildə fermerlərə öz mallarını smartfonlar vasitəsi ilə satmaq üçün Tingo Mobile PLC aqromaliyyə şirkətini yaradıb.
Britaniya mətbuatının məlumatına görə, onun varidatı 7 milyard funtdan çox qiymətləndirilir.
“Şeffild Yunayted”in hazırkı sahibi Səudiyyə Ərəbistanı şahzadəsi Abdelle ibn Musaid Əl Sauddur.
ANAR ABDULLAYEV







