Okan Buruk norveçli futbolçuya Bakıda şans vermək istəyir
Xeyriyyə oyununda Bakıda “Qarabağ”ın qonağı olacaq Türkiyə “Qalatasaray”ının baş məşqçisi Okan Buruk futbolçusu Fredrik Midtşyö ilə bağlı xüsusi plan hazırlayıb.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis zədədən yenicə qayıdan norveçli yarımmüdafiəçiyə Ağdam klubu ilə matçda şans verməyi düşünür.
Buruk bu yolla 30 yaşlı futbolçunun oyun praktikası qazanmasını istəyir. Orta sahədə Oliveyraya əvəzləyici tapmaqda əziyyət çəkən baş məşqçi Midtşyö ilə bu boşluğu aradan qaldırmaq niyyətindədir.
Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq. Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə ianə olunacaq.







