featured-image-37075

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun Msport.az saytına müsahibəsi

– Fasilədən necə istifadə etdiniz? Komandaya faydası oldu?
– Çempionat uzun marafondur, bu cür fasilələr olacaq. Bu, bəzi komandaların xeyrinə, bəzilərinin əleyhinə ola bilər. Çalışdıq ki, fasilə dövründə aktiv olaq. Yoldaşlıq oyunları keçirdik. Az oynayan futbolçulara baxmaq şansımız oldu. Çünki çempionat uzundur. Zədələr olur.

– Adətən tonusda olan komandalara fasilə sərf eləmir. Bu amil qarşıdakı turlarda oyununuza təsir edə bilərmi?
– Əlbəttə, bəzən fasilə bu cür komandalara mənfi təsir edir. Yenidən həmin ritmi yaxalamaq çətin olur. Amma futbolçular peşəkardılar, vəziyyəti anlamalıdılar. Yenə də fasilələr olacaq. İlk dövrədə maksimum xal toplamaq istəyirik. Çünki çempionat çox gərgindir. Xal fərqini artırmaq niyyətindəyik. Hər oyunda mübarizə aparmağa çalışacağıq.

– Yoxlama oyununda “Sabah”ı məğlub etdiniz. Daha əvvəl Premyer Liqada bu komandaya qalib gəlmişdiniz. Deyəsən, Murad Musayevi tam analiz etmisiniz?
– Belə deməzdim. Bu gün biz də bəzi komandalara qalib gələ bilmirik. Adi yoldaşlıq görüşü idi. Hər iki komandadan milli komandalara xeyli futbolçu getmişdi. Əlbəttə, qələbə qazanmağımıza sevinirəm. Komandada qalibiyyət ruhunun artması vacibdir. Amma bunu hansısa komanda və ya məşqçi ilə bağlamaq düzgün deyil.

– Fasilədən sonra ilk oyun “Qəbələ”yə qarşı olacaq. Rəqib sonuncu, siz isə ikinci pillədəsiniz…
– “Qəbələ” yaxşı komandalarımızdan biridir. Bunu son oyunda “Zirə”yə qalib gəlməklə göstərdilər. Bizi çətin oyun gözləyir. Son pillədən çıxmaq istəyirlər. Hər oyuna final kimi baxırlar. Son matçda istəklərini gördük. Çətin oyun olacaq.

– Yaxın günlərdə yeni transfer gözlənilirmi? Mətbuatda bəzi adlar yazılır…
– Bir-iki mövqeyə oyunçu axtarırdıq. Bəyəndiyimiz futbolçular var idi. Bəziləri alınmadı. Hazırda bir müdafiəçi bizimlədi. Tibbi baxışdan keçdikdən sonra rəsmi müqavilə bağlayacağıq.

– Millimizin Belçika və İordaniya ilə oyunları barədə nə deyə bilərsiniz?
– Hamı yığmamızdan qələbə gözləyir. İordaniyaya qalib gəlmək yaxşı oldu. Belçika ilə matçda da pis təsir bağışlamadılar. Bəlkə xal da ala bilərdik. Ötən oyunlara baxanda, bu dəfə Belçikaya qarşı daha yaxşı oynadılar.

Bənzər xəbərlər