Oruc tutduğu üçün heyətdən kənarlaşdırıldı
“Nant”ın müdafiəçisi Jauan Xadjam oruc tutduğu üçün heyətdən çıxarılıb. Msport.az “RMC Sport”a istinadən xəbər verir ki, baş məşqçi Antuan Kombuare 20 yaşlı əlcəzairli futbolçunun adını “Reyms”lə oyunun (0:3) iştirak ərizəsinə salmayıb. Buna səbəb oyunçunun orucu pozmaqdan imtina etməsi olub:
“Müsəlman futbolçularla görüşub bu məsələni müzakirə etdik. Biz çalışırıq ki, hər şey yaxşı getsin. İstəyirəm ki, həftəsonları futbolçular formada olsunlar və komandaya kömək edə bilsinlər” – Kombuare belə deyib.
“İyirmi ildir məşqçi işləyirəm, həmişə də belə eləmişəm. Bu məsələdə hər hansı məhdudiyyət yoxdur. Məşqçiyəm və qaydaları müəyyənləşdirirəm.
Həftə ərzində oruc tutanların məşqlə bağlı problemləri olmur. Hətta onlara dəstək olmağa, kömək etməyə çalışıram. Onlar nahara gəlmirlər, gedib dincəlirlər. Məşqlərin sayını artıranda da həmin oyunçulara icazə veririk. Çünki onları qorumaq istəyirəm.
Digər tərəfdən, oyun günləri qayda budur ki, oruc tutmaq olmaz. Oruc tutmağa qərar verənlər heyətdən kənarda qalırlar.
Onların dini inanclarına hörmət edirəm, lakin qoyduğum qaydalara riayət etməlidirlər. Bu qayda hamı üçündür. Altı futbolçu oruc tutsa da, yalnız Jauan matç günləri yemək yemir, su içmir. Heç bir cəza olmayacaq. Sadəcə sən qidalanmayanda heyətə düşməyəcəksən. İstəyirəm ki, oyun günü 100 faiz hazır olsunlar ki, zədədən qaçsınlar. Bu aralar təqvim çox sıxdır, çox gərgin qrafikdə oynayırıq. Həmişə belə eləmişəm və bunu dəyişmək niyyətində deyiləm”.
ANAR ABDULLAYEV







