Ötən il yüksək liqa oyunlarında çıxış etmiş ən yaşlılar
2023-cü ildə yüksək liqa qarşılaşmalarında iştirak etmiş ən yaşlı oyunçular bəlli olub.
Msport.az xəbər verir ki, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərtib edib.
Birinci pillədə Farer adalarının “Ki Klaksvik” komandasının qapıçısı Geza Turi qərarlaşıb. Qolkiper mayın 14-də “HB Torshavn” ilə görüşdə (1:0) meydana çıxıb. Həmin vaxt macarıstanlı oyunçu 49 yaş 64 günündə olub.
İkinci sırada Bolqarıstanın “Slaviya” (Sofiya) klubunun “çərçivə qoruyucusu” Georgi Petkov (47 yaş, 222 gün) yer alıb. O, oktyabrın 22-də “Hebar”a uduzduqları (0:1) qarşılaşmada iştirak edib.
İlk “3-lüy”ü Honkonqun “Resources Kapital” kollektivindən Ho Kvok Çuen (46 yaş, 76 gün) qapayır. Qolkiper “HK U23” ilə matçda meydanda olub.