Paris-2024: Cənubi Koreyanı KXDR ilə səhv saldılar
2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində Cənubi Koreya yığması səhvən KXDR kimi elan edilib.
Msport.az xəbər verir ki, Cənubi Koreya nümayəndə heyəti Sena çayı boyunca qayıqda üzərək 48-ci ölkə kimi mərkəzi səhnəyə çıxarkən, fransız dilli diktor əvvəlcə “Republique populaire Democraticique de Coree”, daha sonra ingilis dilində “Democratic People’s Republic of Korea” anonsunu verib. Bu isə Şimali Koreyanın ingilis dilində rəsmi adıdır.
“Biz Xarici İşlər Nazirliyinə hökumət səviyyəsində şikayət etməyi xahiş etmişik. Koreya İdman və Olimpiya Komitəsi belə hadisələrin bir daha təkrarlanmaması üçün dərhal Paris Təşkilat Komitəsinə müraciət edib və rəhbərliyimizlə rəsmi etirazını bildirəcək. Komitə BOK ilə də görüşəcək”, – deyə Cənubi Koreyanın idman nazirinin ikinci müavini Canq Mi Ran açıqlama verib.
Sena boyu ekranlarda və beynəlxalq tamaşaçılar üçün televiziyada nümayiş olunan verilişin subtitrlərində ingilis dilində “Koreya Respublikası” düzgün ifadə edilib. Cənubi Koreyanın idman nazirliyi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla görüşmək istədiyini bildirib.