Paris-2024: İlk idmançımız mübarizəyə başlayır
Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.
Msport.az xəbər verir ki, ilk idmançımız Olimpiadaya bu gün start verəcək.
Bu, kamandan oxatma yarışında gerçəkləşəcək. İyulun 26-da baş tutacaq açılış mərasimindən bir gün əvvəl hədəf önünə keçəcək Yaylagül Ramazanova sıralama turunda mübarizə aparacaq.
Yarış Bakı vaxtı ilə saat 11:30-da start götürəcək. Yaylagül mübarizəyə 30-cu cütdə başlayacaq. O, Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Təmsilçimiz B zolağından hədəfi nişan alacaq.
Sıralama turunda mübarizə aparacaq 64 oxatan 1/32 final cütlərini müəyyənləşdirəcək. İdmançılar sıralamadakı yerinə əsasən 1-ci 64-cü, 2-ci 63-cü, 3-cü 62-ci ardıcıllığı ilə cütlər təşkil edəcək.
Qeyd edək ki, Ramazanova Olimpiadalar tarixinə ikinci Azərbaycan oxatanı kimi düşəcək. Rio-2016-da Olqa Senyuk sıralama turunda 623 xalla 37-ci yeri tutub. O, 1/32 finalda çinli Çao Huiyə 1:7 hesabı ilə uduzub.