Poqbadan narazılıq - "Yuve" 1 oyunda belə meydana çıxmayan futbolçuya 3,5 milyon avro ödəyib
Pol Poqbanın “Yuventus”dakı gələcək taleyi sual altındadır. Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, fransalı futbolçunun uzun müddət zədə səbəbindən oynamaması klub rəhbərliyini narazılığına səbəb olub.
Ötən yay yarımmüdafiəçi “Mançester Yunayted”lə müqaviləsi qutardıqdan sonra Turin klubuna azad agent kimi qayıtsa da, zədə səbəbindən bir oyunda belə meydana çıxmayıb.
Vəziyyətdən narahat olan “Yuve” rəsmiləri futbolçunu ya MLS kimi çempionata sata, ya da mövsümün sonunda müqaviləni poza bilərlər.
Fanatlar da futbolçunun tez-tez sosial şəbəkələrdə paylaşımlar etməsindən narazıdırlar. Azarkeşlər artıq Poqbaya influenser kimi baxırlar. Onlar Fransa millisinin üzvünün yaşıl meydanlara qayıdışını gözləməkdən beziblər. Həm də fanatlar yarımmüdafiəçini şəxsi maraqlarını ön plana çəkməkdə ittiham edirlər. Onların sözlərinə görə, Poqba dünya çempionatında oynamaq üçün əvvəlcə dizində əməliyyat olunmasından imtina edib, mundiala getmək alınmayandan sonra isə o, həkimlərin dediyinə əməl edib.
Turin təmsilçisi futbolçu ilə 4 illik müqavilə bağlayıb və 35 milyon avro xərc çəkib. Poqba ilinə təxmiən 7,5 milyon avro qazanır.
“Yuventus” bossları ümid edir ki, fransalı oyunçunu göndərə bilsələr, yerinə daha az əməkhaqqı ilə 2 futbolçu transfer edərlər.
Dekabrın 31-ə kimi “Yuve” Poqbaya 3,5 milyon avro ödəyib. Halbuki o, 1 oyunda belə forma geyinməyib.
ANAR ABDULLAYEV







