featured-image-19663

İngiltərə Premyer Liqasının üç gün ərzində keçiriləcək 18-ci turunun bütün oyunlarında braziliyalı mərhum futbolçu Pele yad olunacaq.

Msport.az xəbər verir ki, bu barədə qərarı İngiltərə Premyer Liqasının rəhbərliyi verib.

Dekabrın 30-31-də və yanvarın 1-də keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq. Bundan başqa, oyunların bütün iştirakçıları qollarında qara sarğı ilə meydana çıxacaqlar.

Xatırladaq ki, Pele ötən gün 82 yaşında vəfat edib. 1940-cı il təvəllüdlü əfsanəvi futbolçu yeganə üçqat (1958, 1962, 1970-ci il) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 20-ci əsrin ən yaxşı futbolçusu elan edilib.

Mərhum hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və Amerikanın “Nyu-York Kosmos” (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində vurduğu 1279 qolla “Ginnessin Rekordlar kitabı”na düşüb.

Bənzər xəbərlər