"Qarabağ"ın qadın komandası olacaq? - Asif Əsgərov məsələyə aydınlıq gətirir
“UEFA-dan qadın komandaları olmayan klubların Çempionlar Liqasına buraxılmayacağı barədə “Qarabağ”a heç bir rəsmi məlumat gəlməyib”.
Msport.az xəbər verir ki, qol.az-a açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov belə deyib. Qeyd edək ki, 2023/24 mövsümündən etibarən qadın komandası olmayan klubların ÇL-də iştirak edə bilməyəcəyi barədə məlumat yayılıb. Əsgərov hələlik Ağdam klubuna bununla bağlı məlumat verilmədiyini vurğulayıb:
“UEFA nəyəsə qərar verirsə, bu, müzakirə olunmur. Yəni, UEFA bayrağı altında olan bütün ölkələr, komandalar qurumun şərtlərinə əməl etməlidir. Bir qayda qoyulursa, bu, artıq müzakirə olunmur. Lakin qeyd etdiyim kimi, “Qarabağ”a rəsmi və ya digər şəkildə məlumat verilməyib”.
Azərbaycanı Çempionlar Liqasında ən çox təmsil edən klublardan olan “Qarabağ”ın qadınlardan ibarət komandası yoxdur.