"Qarabağ"ın qənimi "Mançester Yunayted"ə keçir
“Bayer”in futbolçusu Patrik Şik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Msport.az xəbər verir ki, çexiyalı hücumçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb. Qol yollarında çətinlik çəkən “qırmızı şeytanlar” boşluğu məhz 29 yaşlı forvardla doldurmaq istəyir.
Təcrübəli oyunçu özü də “Dumnanlı Albion”da çıxış etməyin əleyhinə deyil. O, özünü daha güclü çempionatda sınamaq niyyətindədir.
Tərəflər arasında artıq bir dəfə şifahi danışıq olub.
Qeyd edək ki, Patrik Şik azərbaycanlı futbol azarkeşlərinə yaxşı tanışdır. O, ötən mövsüm Avropa Liqasının 1/8 final mərhələsinin hər iki oyununda “Qarabağ”a qol vurub. Bakıdakı matçda (2:2) bir dəfə fərqlənən Şik Leverkuzendəki görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrində (3:2) dubl edərək, komandasını 1/4 finala çıxarıb.