“Qarabağ”ın rəqibinin paylaşımı qalmaqala səbəb oldu
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Rakuv”un tviterdəki paylaşımı qalmaqala səbəb olub.
Msport.az xəbər verir ki, Polşa klubu I raundun cavab matçında “Flora” üzərində parlaq qələbə qazanıb – 3:0. Həmin oyunda “Rakuv”un heyətində Lukaş Zvolinski dubl edib.
Polşə təmsilçisi görüşdən sonra sosial şəbəkədə Z hərfinə işarə edən poster paylaşaraq “keyfiyyət nişanı” yazıb. İzləyicilərin kütləvi etirazından sonra “Rakuv” paylaşımı silib üzr istəməli olub.
Klubun mətbuat katibi Mixal Şprendaloviç tviterdə bununla bağlı paylaşım edib: “Aydınlıq gətirim. Z hərfini paylaşmaqda məqsədimiz Zvolinski və Zorroya işarə vurmaq idi. Hərfin çox mənası var, lakin biri çox pisdir. O yersiz idi. Paylaşımdan bir qədər sonra postu sildik. Səhvimizi etiraf edib üzr istəyirik”.
Qeyd edək ki, Z hərfi Ukraynadakı müharibə zamanı Rusiya ordusunun hərbi texnikasının üzərində yazılır.







