“Qarabağ” keyfiyyətli komanda olduğunu göstərdi”
”Qarabağ” Zaqrebdəki oyunda keyfiyyətli komanda olduğunu göstərdi. Rəqibin heyətində yer alan futbolçular qol epizodları yaratmağı bacardıqlarını sübut etdilər”.
Msport.az xəbər verir ki, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun sabiq futbolçusu Boştyan Sezar UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda “Qarabağ”la keçiriləcək cavab matçı barədə danışarkən deyib.
Komandalar arasında Zaqrebdə baş tutmuş ilk oyunu izlədiyini söyləyən keçmiş müdafiəçi nəticənin “Dinamo” üçün ürəkaçan olduğunu bildirib: “Komandamız əla oyun nümayiş etdirdi. Düşünürəm ki, nəticə, sadəcə, möhtəşəm idi. Hücumçularımız meydanda olduqca aqressiv idilər, yıxıldıqdan sonra ayağa qalxıb rəqib qapısına yaxınlaşırdılar. Əllərinə düşən fürsətlərdən istifadə edirdilər. Evdə qazanılan 3:0 hesablı qələbə Bakıdakı cavab oyunu öncəsi çox ümidvericidir”.
42 yaşlı veteran oyunçu Xorvatiya klubunun baş məşqçisi Sergey Yakiroviçin cavab matçında diqqət etməli olduğu məqamlara da toxunub: “Ümid edirəm ki, baş məşqçi ilk görüşün ikinci hissəsini daha yaxşı analiz edib. Bəzi epizodları təhlil edib, heyətlə bağlı düzgün qərarlar versə, oyun “Dinamo”nun qələbəsi ilə nəticələnə bilər. Ancaq futbolçuların psixoloji və fiziki durumunu və nəyə qadir olduqlarını ən yaxşı baş məşqçi bilir. İnanıram ki, komanda Bakıda əsas mərhələ uğrunda əlindən gələni edəcək”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. Komandalar arasında Zaqrebdə keçirilmiş ilk matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” “Dinamo” səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının əsas – liqa mərhələsində davam etdirəcək.