Qurban Qurbanov hakimləri tənqid etdi
“Qarabağ” Azərbaycan Premyer Liqasının XX turunda öz meydanında “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Məğlub olmaq istəməzdik. Təəssüflər olsun ki, bu gün uduzduq. Futbolçularım demək olar ki, 90 dəqiqə oyuna nəzarət edə bildilər. Futbolun bəzən belə çirkin tərəfləri var. Bir dəqiqənin içində hər şey tam əksinə çevrilə bilir. “Turan Tovuz”u təbrik edirəm.
– Son iki oyunda kornerdən 4 qol buraxmısınız. Bunun üzərində çalışırsınız?
– FKSB ilə oyundakı problemlərdən danışdım. Bugünkünə gəldikdə, mən bilmirəm qapıçı meydançasında qayda pozuntusu necə olur. 5 nəfər qapıçını əhatəyə alırsa, topa çıxmağa qoymursa, buna reaksiya vermirlərsə, nə deyim? Rəqib oyunçular qapıçını əllə, bədənlə itələyir. Bu, tək indi deyil. Biz həmişə qalib gələn komandanı təbrik edirik. Neçənci oyundur, belə olur. Reaksiya verilmirsə, əlbəttə ki, daha artığını edəcəklər. Qapıçı öz meydançasında toxunulmazdırsa, mən bilmirəm, bu, necə toxunulmazlıqdır. İkinci qolu başa düşürəm, səhv etdik. Orada cərimə var idi? Sanki hakimlər belə epizodlara bəsit yanaşırlar. Camaatın burada haqqı var, əziyyət çəkirik. Belə olmaz axı. 12 yaşlı uşaqlara hakimlik etmirsən ki. Düz nədirsə, onu ver. Kornerdə bilmirəm qapıçıya qarşı kobudluq necə olur. Onda 11 oyunçu ilə oynayaq. Bütün oyunlarda bu hallara rast gəlirik. Bu, məğlub olmağımıza səbəb deyil. Amma neçə oyunda bunları görmüşük. İki əllə futbolçumuzu itələyirlər. Əsas buna görə əsəbləşdim. Epizoda bəlkə 10 dəfə baxdım. Faiq Hacıyevin tapşırığı ancaq qapıçı ilə oynamaqdır. Başqa işi yoxdur. Şahruddin topa gedir, Faiq onu itələyir. Bu, cərimə deyilsə, nədir? Top göydə olanda oyun saxlanılmalı idi. Nəysə, rəqibi təbrik edirəm. Çox istəkli idilər.
– Hakimlərin qərəzli olduğunu düşünürsünüz?
– Yox. Məsuliyyətsizlik deyərdim. Cavid Cəlilov qayda-qanunu biləndir. Əvvəlki komitə sədri ilə gəlib qaydaları bizə başa salırdı. “Qarabağ”dır, “Neftçi”dir, “Turan Tovuz”dur, fərqi yoxdur. Camaat aylardır əziyyət çəkir.
– İcraiyyə Komitəsində bu məsələni qaldıracaqsınız?
– Yox, ehtiyac da yoxdur. Ora bunu qabartmaq yeri deyil. Biz futbolçularımızdan tələb edirik. Məsuliyyət çox vacib şeydir. Aldığımızın haqqını verməliyik. Çünki, ailəmizi bu işlə dolandırırıq. Hamı bu cür yanaşmalıdır. Hakim ümumiyyətlə məsuliyyətli olmalıdır.
– Rəqibin penalti gözlədiyi epizodlar da var idi. Bunları necə şərh edərdiniz?
– Olsaydı, verərdilər.
– Musa meydandan çıxandan sonra Benzia hücumda oynadı. Bundan sonra da onu həmin mövqedə görə bilərik?
– Bütün oyunlarda yox, hansısa oyunda edəcəyik.
– Rəsmi danışıq apardığınız futbolçular var?
– Yox. Heç bir futbolçu ilə danışıq aparmırıq. Bir-iki futbolçu ilə maraqlandıq, özləri ilə danışdıq. Danışıq elə orada da qaldı. Hansısa təklif göndərilməyib.