Qurban Qurbanovdan çempionluq şərhi
Çempion adı həmişə dəyərlidir.
Msport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXXVI turunda “Araz-Naxçıvan”la heç-heçə (2:2) etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bəzi futbolçuların ilk dəfə çempionluq sevinci yaşadığını bildirib: “Bugünkü qarşılaşma sakit keçdi. Mənim üçün xoş oldu. Son matçlarda xoşagəlməz epizodlar var idi. Belə olmasını istəməzdik. Rəqib baş məşqçi Elmar Baxşıyevə də uğurlar arzulayıram. Əvvəlki çempionluqları daha aktiv qeyd etmişik. Hər halda mövsümün əvvəlində qarşımıza qoyulan məqsədlərdən biri buna nail olmaq idi. Titulların sayını çoxaltsaq, karyeramızda iz olar”.
Qurbanov Azərbaycan Kubokunun finalında “Zirə”yə qarşı keçirəcəkləri oyunla bağlı da fikirlərini bölüşüb: “Futbolçuların hər biri peşəkardır. Finalda da qalib olmaq istəyirlər. Yaxşı mövsüm keçirən komandaya qarşı oynayacağıq. “Zirə” son qarşılaşmalarda daha intizamlı oyun sərgiləyirlər. İkinci dəfə finalda üz-üzə gələcəyik”.
Baş məşqçi növbəti mövsüm Azərbaycan futboluna sağlam rəqabət arzuladığını sözlərinə əlavə edib.