featured-image-53644

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Qusarda yeni Cüdo Təlim Mərkəzi açılıb.

Msport.az xəbər verir ki, Olimpiya çempionları – Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyevin də iştirak etdiyi açılış mərasimində mərkəzdə yaradılan şəraitlə tanışlıq olub.

Mərkəz 520 kvadratmetr sahəni və 250 kvadratmetr sahəsi olan cüdo və fiziki hazırlıq zallarını əhatə edir. Əsas zal Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan şirkətin tatamiləri ilə təchiz olunub. Fiziki hazırlıq zalı da bütün lazımi avadanlıqlarla təchiz edilib.

Binada gözləmə zalı, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Bundan əlavə, mərkəzin ətrafında geniş abadlıq işləri aparılıb.

Azərbaycan Cüdo Federasiyasının işində əsas istiqamətlərdən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır. 2022-2024-cü illərdə ACF Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonunun Ağalı kəndi, Sabirabad, Bakının Zirə qəsəbəsi və Sumqayıtda cüdo zalları açıb.

Federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu regionlarda maddi-texniki bazanın yaxşılaşdırılmasının və ölkədə cüdonun ümumi inkişafının vacibliyini qeyd edib: “Bu, bizim fəaliyyətimizin əsas istiqamətidir. 2022-ci ildən etibarən Bakı və regionlardakı 90 idman zalına federasiya tərəfindən təxminən 6500 tatami verilib və 1300 gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb. Yaxın gələcəkdə cüdo zalları digər regionlarda da açılacaq. Bu istiqamətdə iş federasiyanın qəbul etdiyi proqram əsasında aparılır. Xüsusi diqqət böyük potensiala malik, lakin indiyə qədər cüdo bölmələrinin olmadığı regionlara yönəldilib. Yaxın gələcəkdə Cəlilabad, Şabran, İmişli və digər regionlarda yeni zalların tikintisi planlaşdırılır”.

Bənzər xəbərlər