"Rakuv"un kapitanı ad-soyadına görə hava limanında sorğu-sual olundu
“Rakuv” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün ötən gün Bakıya gəlib.
Msport.az “Onet Sport Review” saytına istinadən xəbər verir ki, Heydər Əliyev aeroportunda pasport nəzarəti zamanı anlaşmazlıq yaranıb.
Polşalı jurnalist Lukaş Olkoviçin sözlərinə görə, Çenstoxova təmsilçisinin kapitanı Zoran Arseniçin sənədlərini yoxlayarkən futbolçunun ad-soyadı aeroport əməkdaşının diqqətini cəlb edib.
Oyunçu ermənilərlə bağlılığının olub-olmaması barədə sual-cavab edilib. Arseniç fikrini polyak dilində çatdırsa da, onu başa düşən olmayıb. Daha sonra yerli jurnalistlərdən biri rus dilində Zoranın xorvat olduğunu və ermənilərlə heç bir bağlılığının olmadığını bildirib. Bundan sonra məsələ öz həllini tapıb.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Ağdam klubu 2:3 hesabı ilə uduzub.







