Rebrov Timoşuku tənqid etdi: "Onun üçün ailəsini dolandırmaq vətəndaş mövqeyindən daha önəmlidir"
“Əl Əyn” klubunu çalışdıran Ukrayna millisinin sabiq hücumçusu Sergey Rebrov “Zenit”in məşqçisi Anatoli Timoşuk haqqında fikirlərini bildirib.
Msport.az xəbər verir ki, əslən Ukraynadan olan Timoşuk Sankt-Peterburq klubunda qalaraq fəaliyyətini davam etdirir. O, Rusiyanın Ukraynaya hücumu zamanı məsələyə münasibət bildirməmişdi:
“Təəssüf ki, elə insanlar var ki, onlar Ukraynaya qayıtmayacaqlarını başa düşürlər. Amma Avropada da onlar heç kimə lazım deyillər. Bəlkə də onların hansısa mövqeləri var, amma sakit oturub səslərini çıxarmırlar. Söhbət təkcə idmançılardan getmir, Ukraynada anadan olmuş şou-biznes nümayəndələri də həmçinin.
Mən əminəm ki, Tolya daxildə narahatlıq keçirir, amma yəqin ki, onun üçün ailəsini dolandırmaq vətəndaş mövqeyindən önəmlidir. Bu onun həyatıdır.
Ancaq neytral mövqe tutmaq olmaz. Oturum bir neçə həftə gözləyim ki, üstünlük kimin tərəfində olacaq və ondan sonra fikir bildirim. Yox. Belə olmamalıdır. Ümid edirəm ki, ölkəmiz belə insanlardan təmizlənəcək”.