Rekordlarla zəngin olan final
Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında İspaniya və İngiltərə yığmaları arasında keçirilmiş final oyunu bəzi əlamətdar hadisələrlə yadda qalıb.
Msport.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, İspaniya 4 dəfə Avropa çempionluğunu qazanan ilk milli komanda olub. Yığma buna qədər 1964, 2008, 2012-ci illərdə turnirin qızıl medallarına sahib çıxıb. Bu göstərici ilə onlar Almaniyanın rekordunu (3) qırıblar.
İspaniya millisi 2023/2024-cü illər mövsümündə keçirdiyi bütün rəsmi oyunlarda (seçmə mərhələdə 6, Avropa çempionatında 7) qalib gəlib. Bu kollektiv Avro-2024-də 4 dünya çempionunu – qrup mərhələsində İtaliyanı, 1/4 finalda Almaniyanı, yarımfinalda Fransanı, finalda isə İngiltərəni məğlub edib.
İngiltərə ardıcıl 2 Avropa çempionatının finallarında uduzan ilk ölkə, Qaret Sautgeyt isə ilk baş məşqçi olub (2020 və 2024-cü illər).
İngiltərə yığması Avropa çempionatlarında qalib olmadan ən çox oyun keçirən ilk kollektivdir – 45. İkinci pillədə isə Belçika (26 oyun) qərarlaşıb. Bundan başqa, ingilislər Avro-2024-də 8 qolun hamısını sağ cinahdan təşkil olunmuş hücumların nəticəsində vurublar.
İspaniya seçməsinin baş məşqçisi Luis de la Fuente 3 müxtəlif yaş kateqoriyasında Avropa çempionu olan ilk çalışdırıcıdır. O, daha əvvəl İspaniyanın U-19 (2015-ci il) və U-21 (2019-cu il) yığmaları ilə bu sevinci yaşayıb. Qapıçı Unay Simon və yarımmüdafiəçi Mikel Merino bu 3 komandanın hər birində yer alıblar.
İspaniya millisinin hücumçusu Lamin Yamal bir Avropa çempionatında 1/4 final, yarımfinal və finalda qol vuran və məhsuldar ötürmə edən ilk oyunçu olub. O, turnirin finalında assist edən ən gənc oyunçu (17 yaş 1 gün), İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellingem isə bunu bacaran üçüncü futbolçu (21 yaş 15 gün) adına yiyələnib. Almaniyalı keçmiş müdafiəçi Bernd Şuster isə bu tarixi reytinqdə ikinci sıradadır (20 il 183 gün, 1980-ci il).
Alvaro Morata Andres İnyesta, Sesk Fabreqas və Jordi Albanı (hər biri 16) geridə qoyaraq, Avropa çempionatları tarixində ən çox oyun keçirən (17) ispaniyalı futbolçu olub.
İspaniya yığmasının şərəfini qoruyan Rodri 2023-cü ilin əvvəlindən klubu “Mançester Siti” (İngiltərə) və yığması ilə ümumilikdə 8 kubok qazanıb. O, İngiltərə Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku, klublar arası dünya çempionatı, Millətlər Liqası və iki dəfə Premyer Liqanın qızıl mükafatlarına sahib çıxıb. Bununla da 28 yaşlı yarımmüdafiəçi son iki mövsümdə dünyanın ən uğurlu futbolçusu seçilib.
Fransalı referi Fransua Leteksye Avropa çempionatları tarixində final matçını idarə etmiş ən gənc hakim olub (35 yaş 81 gün). O, bu göstərici ilə isveçli Anders Friskini geridə qoyub (37 il 135 gün, 2000-ci il).