Ronaldo müqavilə bağlamaq üçün Ər-Riyada getdi
Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasına keçməyə yaxındır.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı hücumçu sözügedən klubla transfer danışıqları aparmaq üçün Ər-Riyad şəhərinə yollanıb.
Təcrübəli forvardın paytaxt təmsilçisi ilə böyük ölçüdə razılığa gəldiyi bildirilir. İddiaya görə, “Əl-Nəsr”lə futbolçu arasında 2,5 illik müqavilə imzalanacaq. Ulduz futbolçunun illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı vurğulanıb.
Bu müqavilənin müddəti bitdikdən sonra isə, Ronaldo Səudiyyə Ərəbistanının DÇ-2030 üzrə xüsusi elçisi olacaq. Məsələ burasındadır ki, ərəblər 2030-cu ildə keçiriləcək mundiala ev sahibliyi etmək istəyirlər. Onlar bu mənada Ronaldonun nüfuzundan istifadə etmək fikrinə düşüblər.
Xatırladaq ki, Ronaldonun son klubu İngiltərə “Mançester Yunayted”i olub. “Qırmızı şeytanlar” futbolçunun qalmaqallı müsahibəsindən sonra onunla yolları ayırıb.







