"Sabah meydana çəkinmədən çıxacağıq" - Qurban Qurbanov
Qarabağ” UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda “Nyukasl”la qarşılaşacaq.
Msport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Çox böyük təcrübə əldə ediləsi oyundur. Azərbaycan futbolu tarixində ilkdir. Çempionlar Liqasının pley-off mərhələsində oynayacağıq. Xüsusən də bu cür rəqibə qarşı. “Nyukasl” çox tanınmış, köklü klubdur, dünyanın bir nömrəli liqasında mübarizə aparır. Matça hazırlaşmaq üçün vaxtımız az oldu. Futbolçuların hazırlığına baxıram, oyun haqda fikirlərinə də önəm verirəm. Çox məsuliyyətli davranırlar, çox həyəcanlıdırlar. Bu da onu göstərir ki, futbolçular oyunu səbirsizliklə gözləyirlər. Sabah ən yaxşı oyunlarından birini keçirməyə çalışacaqlar. “Nyukasl”ın bizə uyğun olmayan oyun stili var. Premyer Liqadakı bütün komandalar onlara qarşı oynamaq istəmirlər. Çünki rəqibə oynamaq imkanı vermirlər. Çalışacağıq ki, doğma meydanda yaxşı mübarizə aparaq, ağıllı oynayaq. Cəsarətli oynamağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. “Nyukasl” həm fiziki gücə malik, həm də sürətli oynayan komandadır. İnanıram ki, futbolçularım özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar.
– “Qarabağ” daim hücum etməyə üstünlük verən komandadır. Liqa mərhələsində hər rəqiblə bir dəfə oynadınız, bu dəfə bir rəqiblə iki dəfə oynayacaqsınız. Buna görə sabah “Qarabağ”ın ehtiyatlı oynayacağını gözləyə bilərik?
– Biz hücumda olsaq da, həmişə çalışmışıq ki, müdafiədə ehtiyatlı olaq. Amma burada bəzi amillər var. Rəqibin ustalığı, üstünlüyü… Ona görə də bəzən buraxdığımız qolların sayı çox olub. Əgər nəyisə əldə etmək istəyiriksə, daha çox yaradıcı olmalı, rəqib qapısında variantlar axtarmağa çalışmalıyıq. Futbolçulardan tələbim odur ki, hücumda ola-ola doğru müdafiə olunsunlar. Reallıq var, rəqib də bunu düşünür. Onların keyfiyyəti bizim düşüncəmizi geridə qoyur. Mütləq şəkildə iki oyunu da düşünməliyik. Çox istərdim sabah azarkeşlərimiz oyundan həzz alsınlar. Uduzsaq da, yaxşı, dinamik və açıq futbol görsünlər. Cavab oyununa vaxtımız olacaq, bunu düşünərik.
– Azərbaycan çempionatının son oyununda demişdiz ki, futbolçuların bərpası üçün 3-4 gün lazım olacaq. Komanda sabaha hazırdır?
– Maksimum çalışacağıq ki, hazır edək. Bir neçə gün əvvəlki fikirlərə geri dönməyə ehtiyac yoxdur. İndi sırf bu oyuna köklənməliyik. Futbolçularımızla da danışdıq ki, tez bir zamanda bərpa olmalıyıq. Kənardan onlara baxırdım, analiz edirdim. Pis hazırlaşmırlar. Demək olar ki, qarşılaşmaya hazırdırlar. Oyunun gedişində hansısa hissədə yorğunluq hiss oluna bilər. İnanıram ki, özlərində güc tapıb, mübarizə aparacaqlar.
– Montiel son vaxtlar yaxşı formadadır, Kadi Borges də siyahıya geri qayıdıb. Oyuna kiminlə başlayacağınıza qərar vermisiz?
– Kadinin geri dönməsi bizim üçün xoşdur. Əlimizdə əlavə variantdır. İstədiyimiz anda istədiyimiz dəyişiklikləri edə bilərik. Sabah səhər məşqimiz olacaq. Tam biləcəyik.
– Nəriman Axundzadə siyahıda yoxdur. Əlavə kimisə sifariş etmək olar?
– Xeyr, bu oyunda olmayacaq. Təəssüf ki, onun əvəzinə heç kimi əlavə edə bilmərik. Yalnız akademiyadan hansısa gənc oyunçunu əlavə etmək olar. Ona görə də Nərimanın əvəzinə başqa oyunçu olmayacaq.
– Sabahkı matç “Qarabağ” üçün nə ifadə edir? İlk oyunda qalib gəlsəz, mərhələ adlamaq şansınız çoxalacaq?
– Biz düzgün yoldayıq və böyük turnirdə böyük komandaların sırasındayıq. Bu da bizə əlavə güc, motivasiya və inam verir. İnanıram ki, gələcək işimizdə builki performansımızın böyük köməyi olacaq. Komandaların ümumi durumuna baxsaq, favorit “Nyukasl”dır. Amma ən azı Bakıda qalib gəlmək istəyirik. Bunun üçün də hazırlaşırıq. Futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də istəyərdik ki, o maraqlı nəticələrin sırasına daxil olaq. Sabah meydana çəkinmədən çıxacağıq. Qarşımızda çox intizamlı kollektiv olacaq. Çox istəkliyəm. Futbolçularım da istəklidir, qalib gəlmək istəyirlər. Ümumi nəticə necə olacaq, onu deyə bilmərəm.
– Sabah Mateuş Koxalski meydana çıxa biləcək?
– Böyük ehtimalla hazır olacaq. Sabah yenə əlavə həkim müayinəsindən keçəcək. 100 faizli riskli bir bir şey olmasa, meydana çıxacaq.







