featured-image-54387

“Səbail” Azərbaycan Premyer Liqasının VI turunda səfərdə “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Azarkeşlər üçün yaxşı oyun oldu. Qarşılıqlı hücumlar şəraitində keçən matç idi. “Qarabağ” səviyyəcə liqadakı komandalardan bir baş üstündür. Komandamızın “Qarabağ”a qarşı belə dayanması məni sevindirdi. Pis təsir bağışlamadıq. Fərdi səhvlərimiz oldu. “Qarabağ”ı təbrik, öz komandama isə təşəkkür edirəm.

– Transferlər gözlənilir?

– Yox. Bir hücumçumuz var idi, onu da itirmişik. Transfer məsələsi bizim üçün bağlanıb. Çalışacağıq ki, bu heyətlə uğur qazanaq.

– Mütəxəssislər deyir ki, “Qarabağ” digər komandalardan bir baş üstündür. Siz də deyirsiniz ki, “Qarabağ” kimi komanda olmaq üçün zaman lazımdır. Özünüz də, iki ildir “Səbail”dəsiniz…

– Bir klubda 8 il işləyə bilərsən, icraçılar olmasa, istəklərinizi həyata keçirə bilməzsiniz. Yüksək səviyyəli futbolçuların alınması üçün yaxşı pullar lazımdır. 10 il bir komandada ola bilərsən, amma futbolçu önəmlidir. Bu mövsüm 10 hissə yaxşı futbol oynamışıq. Məsələyə qlobal baxaq. Futbolçum olmasa, kimlə düzəldəcəm? Bir futbolçu 90 dəqiqə dayanar, qol vurar, vəssalam.

– Gəncəli futbol veteranları sosial şəbəkələrdə sizə də müraciət ediblər…

– Orada xəstəlik tapmışam. İlk dəfədir gəncəlilərdən yaxşı söz eşitdim. Maliyyəyə bağlı olan məsələlərdir. “Kəpəz”də iki dəfə oynamışam, iki dəfə məşqçi olmuşam. Gəncəlilər uşaq-muşaq deyillər, futbolu bilirlər. Sponsorun tapılması çox vacibdir. Tək federasiyanın köməyi ilə komandanı qaldırmaq çətin olacaq.

– Son pillədən sizi 4 xal ayırır. Bunun da gərginliyi var?

– Gərginlik həmişə var. Nəticə bizi sıxır. İnamım çox böyükdür. Uduzursan, oyun yoxdursa, çətindir. Sevindirici haldır ki, oyun var. Nəticə gec-tez gələcək. Komanda yenidən qurulur. Çoxu 22-23 yaşlı futbolçulardır. Komanda futbol oynamağı bacarır. Qorxum da yoxdur. Buradan da çıxacağıq. “Neftşi”, “Zirə”, “Qarabağ”la oynamışıq. Düzgün yoldayıq. Görsəm ki, işlər düz getmir, etiraf edərəm. Nəticələr çox yaxındadır.

– A milli və U-21 yığmalarımızın durumları haqda nə deyəcəksiniz? Samir Əliyev deyir ki, Premyer Liqa məşqçiləri gənc futbolçuları oynatmır…

– Düz deyir. Bu, hamıya lazımdır. Premyer Liqa komandaları oyunçu yetişdirmir. Hər bir məşqçidən nəticə istəyirlər. 3 nəfər yığma üzvü var. Nə edə bilərik? Bacardığım qədər oynadıram. Samir Əliyevlə razıyam. A milliyə gəldikdə, öz fikrimdən çəkinmirəm. Baş məşqçi bütün futbolçuları görməli idi. İki gün məşq edib, iki oyuna çıxdılar. Gördü ki, bu yolu kiminlə gedə bilər. İsveç və Slovakiya ilə pis oynamadıq. Onları niyə udmalıyıq? İsveçdən çempionatımız, infrastukturumuz üstündür?

Bənzər xəbərlər