“Şamaxı”nın legioneri: “Ölkə xaricində çıxış etmək arzum idi”
“Azərbaycan Premyer Liqası Portuqaliyadan fərqli, lakin rəqabətli çempionatdır”.
Msport.az xəbər verir ki, bunu “Şamaxı”nın portuqaliyalı qapıçısı Rikardo Fernandes ölkəsinin mətbuatına açıqlamasında deyib.
29 yaşlı qolkiper yeni macəraya atılmaq istəyi səbəbindən Azərbaycan variantına müsbət yanaşdığını bildirib: “Ölkəmdən ayrılmaq ani yaşandı. Ölkə xaricində oynamağın, legioner həyatı yaşamağın həmişə arzusunda idim. Həyatımızda və karyeramızda qəbul etməli olduğumuz vəziyyətlər var. Gəldiyim ilk gündən indiyə qədər mənə çox yaxşı münasibət göstərildi, ilk gündən xoş qarşılandım”.
“Şamaxı”ya yay fasiləsində “Torrense” klubundan keçən Fernandes Premyer Liqanın son 3 matçında qol buraxmamasına da münasibət bildirib. O, bunu komanda oyunu ilə əlaqələndirib: “Futbol komanda oyunudu. Uğuru bir nəfərə aid edə bilmərik. Bütün komanda üçün işlər yaxşı gedir və məqsəd bunu davam etdirməkdir. Ancaq futbolda hər şey çox tez dəyişir. İşlərin yolunda getməsi üçün hər zaman mümkün qədər çox çalışmalısan”.
Qeyd edək ki, “Şamaxı” 5 turdan sonra Premyer Liqada 8 xalla 6-cı pilləsində qərarlaşır.