featured-image-20737

Ukraynanın “Şaxtyor” klubu Mixail Mudrikin İngiltərə təmsilçisi “Çelsi”yə transferindən qazandığı pulun bir qismini Rusiya ilə müharibəyə dəstək üçün sərf edəcək.

Msport.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belə ki, “Şaxtyor” 22 yaşlı yarımmüdafiəçinin transferindən bonusları da nəzərə alsaq, 100 milyon avro əldə (70 milyon + 30 milyon) edib. Onlar bu pulun bir qismini – 25 milyon dollarını ukraynalı əsgərlərə və onların ailələrinə bağışlayıb.

Bu məsələ ilə bağlı klubun sahibi, Ukraynanın ən zəngin iş adamı Rinat Axmetov bunları söyləyib: “Mudrik karyerasına “Çelsi”də davam edəcək. Hər şeydən öncə Ukraynaya yardım etdikləri üçün bütün mədəni dünyaya təşəkkür etmək istəyirəm. Bu transferdən əldə olunan 25 milyon dollar müharibədəki müxtəlif tələblər üçün xərclənəcək. Bunun üçün xüsusi komissiya yaradılacaq. Əsgərlərimizə sonsuza qədər borcluyuq”.

“Şaxtyor” qarşıdakı aylarda “Çelsi” ilə yoldaşlıq oyununda da üz-üzə gəlməyi planlaşdırır. Bu matçda əldə olunacaq gəlirin də əsgərlərə, onların ailələrinə və müharibədən əziyyət çəkən digər şəxslərə ödənilməsi nəzərdə tutulub.

Bənzər xəbərlər