featured-image-3114

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində rumıniyalı Boqdan Danyel-Dayakla heç-heçədən sonra fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, o, 4-cü tur çərçivəsində baş tutan bu görüşdən sonra bunları söyləyib:

“Çox qəribədir. Səhvim ondadır ki, 2 piyadanı qurban verdikdən sonra yaxşı oynamağa çalışıram. Həmin vaxt isə artıq gec olur. Hücuma ləng keçdim. Düşünürəm ki, oyunun gedişində yaxşı şansı qaçırdım. Sonra isə uduzmamaq üçün oynamağa başladım”.

Qeyd edək ki, Azərbaycan şahmatçısı bu gün növbəti görüşünü keçirəcək. 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın beşinci turunda qara fiqurlarla Fabiano Karuana (Fransa) ilə üz-üzə gələcək.

Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, növbəti üç qarşılaşmada isə müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa) və Boqdan Danyel-Dayakla (Rumıniya) heç-heçə edib. Şəhriyar 4 turdan sonra 1.5 xalla 10 şahmatçı arasında 6-cı pillədə qərarlaşıb.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Bənzər xəbərlər