featured-image-19371

“Sumqayıt” qış fasiləsinə 12 xalla 8-ci pillədə getdi. “Gənclik şəhəri” təmsilçisi turnir cədvəlində yalnız “Kəpəz”i (1 xal) və “Səbail”i (2 xal) qabaqlayır. Düzdür, Samir Abasov baş məşqçi postuna gəldikdən sonra komandanı son pillədən çıxara bildi. “Sumqayıt” isə hələ də  mövsümün əvvəlində yol verilən transfer səhvlərinə görə, əziyyət çəkir. Komandanın sabiq baş məşqçisi Aleksey Baqa ilə klubun prezidenti Riyad Rəfiyevin yararsız legionerlərinin bir qismi heç çempionat yarılanmamış göndərildi.

Ən maraqlısı illər boyu menecer kimi fəaliyyət göstərib Emin Mahmudov, Araz Abdullayev kimi futbolçuların xarici klublara yollanmasına vasitəçilik etmiş Riad Rəfiyevin seçimdəki kobud səhvləridir. Əslində hər zaman “Sumqayıt”a əcnəbilərin gəlişinə klub prezidenti şəxsən rəhbərlik edib. Cari mövsümün əvvəlinə kimi “Sumqayıt” yalnız yerli oyunçularla çıxış etdiyini desə də, bu komandada həmişə əcnəbilər olub. İsraildən gələn Əli Babayev, Əmir Ağayev, rusiyalı Cəmaləddin Xocaniyazov, sonradan milliyə dəvət olunan Əli Qurbani, Höccət Haqqverdi, onların həmyerliləri Peyman Babayi, Peyman Keşavarz kimi futbolçuların axtarsan, heç Azərbaycanla 10 faiz bağlılığı olmayıb. Amma hətta həmin iranlılar belə “Sumqayıt”a bu mövsüm cəlb olunan legionerlərdən qat-qat üstün təsir bağışlayırdılar.

Yəqin ki, Rəfiyev Alya Tureni transfer edərkən gələcəkdə ondan yaxşı qazanacağını gümün edirmiş. Təsadüfi deyil ki, 20 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanmışdı. Amma “Sumqayıt”ın rəhbər şəxsləri nəzərə almamışdılar ki, Turedə nəsə olsaydı, “Başakşehir” onu heyətində saxlayardı. Amma Türkiyə klubu futbolçunu sadəcə başından etmək istəyirdi. Qış fasiləsi gəlib çatmamış “Sumqayıt” bu “gənc tapıntı”nı göndərməli oldu.

Yadımdadır, Damyan Daniçiç komandaya gələrkən onun Zaqreb “Dinamo”sunun II komandasından gəlməsindən böyük həvəslə danışılırdı. Amma Rəfiyevin daha bir “kəşfi” Samir Abasov tərəfindən “brak” məhsul kimi geri qaytarıldı. Müdafiəçinin 3 aylıq maaşını verib müqaviləsinin pozulmasına razı saldılar.

Böyük ehtimalla qış fasiləsində yola salınacaq oyunçulardan biri də Rifat Nurmuqamet olacaq.  Son 5 matçda oynamayan futbolçu Azərbaycanda son günlərini sayır. Qazaxıstanda düz-əməlli karyerası olmayan dayaq yarımmüdafiəçisi niyə “Sumqayıt”a dəvət olunmuşdu, yəqin ki, bu sualın cavabını Baqa ilə Rəfiyev bilər.

“Sumqayıt” mövsümün əvvəlində etdiyi səhvlərdən nəticə çıxarmayıb. Hələ qış “transfer pəncərəsi” açılmamışdan Tisdel Terrenslə müqavilə imzalandı. “Sabah”a son məğlubiyyətdən (0:6) sonra Abasov liberiyalı forvardın hələ tam formdada olmadığını etiraf etdi. Olmaya, yenə tələsik, yanlış transfer? “Sumqayıt” Tisdelin son 4 ildə 7-ci (!) klubudur. Son iki komandasında – “Kocaelispor” (14 oyun, 1 qol) və “Botoşani”də (9 oyun, 1 qol) Tisdell sadəcə vaxt keçirib.

“Sabah”a son rüsvayçı məğlubiyyətdən sonra Abasov “qara siyahı”nın hazır olduğunu, qışda da bəzi futbolçuların göndəriləcəyini bildirdi. Belə görünür ki, “Sumqayıt”da hələ gəlib-gedənlər çox olacaq. Pereyra, Çabi və Todoroski də namizədlər sırasındadırlar. Sadəcə hələ Abasov fikirləşir ki, qışda onların yerinə istədiyi futbolçuları tapa biləcəkmi?

Gələn ilin əvvəlində isə şəhərin yeni, müasir stadionunun açılışı olacaq. Stadionu şəhər icra hakimiyyəti tikib və arenda onların tabeliyində olacaq. Əgər Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov kluba da müdaxilə etmək istəsə, (komandanın zəif nəticələrinə görə əlində əsas da var) vay o zaman indiki rəhbərliyin halına.

AYXAN 

 

Bənzər xəbərlər