“Super Liqa layihəsi qadağan olunmuş almaya bənzəyir”
“Bir çox klub rəsmiləri qazandıqları uğurlara baxmayaraq, Avropadakı futbolun modelini dəyişməyə çalışırlar”.
Msport.az xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksandr Çeferin qurumun Fransanın paytaxtı Parisdə keçirilən Konqresində çıxışı zamanı deyib.
O, Avropa Super Liqası layihəsinin futbolun səviyyəsini aşağı salacağını bildirib: “Onlar xilaskar olduqlarını düşünürlər. Sanki bu işdə özlərini qurban kimi təqdim edirlər, ancaq əslində yırtıcıdırlar. Həmçinin monopoliya ilə birliyi səhv salırlar. İngiltərədə bəzi insanlar buna “zombi liqası” deyirlər. Mən isə bunu “tamahkarlıq liqası” adlandırardım. Həmin şəxslər daha çox pul, populyarlıq istəyirlər. Azarkeşlər də bilirlər ki, bu ideya “Ağbəniz və yeddi cırtdan” nağılında qəhrəman üçün qadağan olunmuş almaya bənzəyir. Futbol, idman ləyaqəti satılmır. Futbolu güclü və şərəfli oyun edən dəyərləri ala bilməzsiniz”.
Qeyd edək ki, 2021-ci il aprelin 19-da Avropanın 12 futbol klubu Super Liqanın yaradıldığını bəyan edib. Bu qərar UEFA-nın etirazına səbəb olub. “Real Madrid” və “Barselona“ klubları istisna olmaqla, bu layihəyə qoşulan Böyük Britaniya, İtaliya və İspaniya klubları rəsmi və ya qeyri-rəsmi şəkildə daha bu ideyanın tərkib hissəsi olmadıqlarını bəyan ediblər.