Tedeskoya istefa çağırışı - “Fənərbağça”da
Türkiyə Kubokunun 1/4 final mərhələsində “Konyaspor”a 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Fənərbağça”da gərginlik pik həddə çatıb.
Msport.az xəbər verir ki, qarşılaşmanın 120+2-ci dəqiqəsində buraxılan qol nəticəsində turnirdən kənarda qalan “sarı-lacivərdlilər”in tərəfdarları məğlubiyyətin günahkarı kimi baş məşqçi Domeniko Tedeskonu göstəriblər.
Azarkeşlər matçın yekununda italiyalı mütəxəssis üçün “İstefa!” şüarları səsləndiriblər. Sosial şəbəkələrdə də minlərlə paylaşım edən fanatlar komandanın oyunundan və nəticədən narazılıqlarını kəskin şəkildə ifadə ediblər. Onlar Tedeskonun taktiki gedişlərinin və komandanın hücum potensialının kubokda uğur qazanmaq üçün yetərsiz olduğunu vurğulayırlar.
Xatırladaq ki, “Medaş Konya Böyükşəhər” stadionunda keçirilən və əsas vaxtı qolsuz bitən qarşılaşmanın taleyini uzatma dəqiqələrinin sonunda təyin edilən penalti zərbəsi həll edib.







