"Tək günah müdafiəçilərdə deyildi" - "Sabah"ın baş məşqçisi
Azərbaycan Premyer Liqasının VI turunun “Sabah” – “Turan Tovuz” oyunundan (2:2) sonra meydan sahiblərinin baş məşqçisi Krunoslav Renduliç mətbuat önünə çıxıb.
Msport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə matçı dəyərləndirib:
– “Turan Tovuz” həqiqətən, çox yaxşı komandadır. Bu gün səviyyəmizdən aşağı çıxış etdik. Birinci hissədə ikinci toplarla bağlı problemimiz var idi, daha səbirli və aqressiv olmalıydıq. Azarkeşlər bu gün çox yaxşı oyun izlədi. İki komanda da qələbə qazanmaq istəyirdi. Üç xal qazanmaq niyyətində idik, amma matçdan sonra bir xala da razı olmalıyıq. Təəssüf ki, qələbə qazana bilmədik.
– İkinci qoldan sonra sanki müdafiəyə çəkildiniz. Bu, sizin tapşırığınız idi?
– Düzdür, vurduğumuz qoldan sonra geri çəkildik. Belə tapşırıq verməmişdim. Uşaqların belə oynamasını istəmirəm. Bəzi situasiyalarda daha yaxşı oynamalı idik.
– Müdafiədə problemlər olduğunu qəbul edirsiniz?
– Haqlısınız, sadəcə qola qədər ardıcıl 5 səhvimiz var idi. Tək günah müdafiəçilərdə deyildi.