Tərlan Əhmədovun yola salmaq istədiyi "yeddilik" - Siyahı
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Zirə” ilə oyundan (2:2) sonra 7 futbolçu ilə yollarını ayıracaqlarını deyib. Rauf Əliyev, Əfran İsmayılovun “qara siyahı”da olması öncədən məlum idi. Bəs digər 5 nəfər kimdir.
Msport.az xəbər verir ki, Əhmədov heyətə az-az düşən Peyman Keşavarzi, Elvin Yunuszadə, Mixeil Erqemlidze, Əli Səmədov və Tural Rzayevlə də vidalaşmağı düşünür.
Rauf Əliyevin xeyli vaxtdır ki, “Şamaxı”ya keçə biləcəyi ehtimalları səslənir. Cavid Hüseynov təcrübəli hücumçunu öz komandasında görmək istəyir. “Kəpəz”lə müqaviləsi davam edən Əfran İsmayılovu yola salmaq isə elə də asan olmayacaq. 34 yaşlı futbolçu bildirib ki, müqaviləsinin sonunadək Gəncə təmsilçisində qalmaq niyyətindədir.







