featured-image-83522

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams məşqçilik dönəmini xatırlayıb.

Msport.az xəbər verir ki, “Arsenal”ın əfsanəvi kapitanı məşqçi kimi çalışmağın heç də asan olmadığını deyib.

Təcrübəli mütəxəssis “FourFourTwo” nəşrinə açıqlamasında “Qəbələ”də keçirdiyi dönəmi də yada salıb: “Niderland, İspaniya, Çin, Azərbaycan – bu ölkələrin hər biri mənə nəsə öyrədib. Azərbaycanda olarkən klubun sahibi mənə bunu dedi: “Azərbaycanın ən yaxşı akademiyasını, keçmiş Sovet İttifaqının ən yaxşı infrastrukturunu istəyirəm. Avrokuboklara vəsiqə qazansaq, bu, inanılmaz olar”. Mən isə cavabında bildirdim ki, sizə beynəlxalq hava limanı lazımdır. Daha geniş perspektivə əsaslanan plan sonradan reallaşdı. Biz yüksək keyfiyyətli təbii örtüyə malik yeddi futbol meydançası saldıq və ən yaxşı infrastrukturu yaratdıq”.

Adams “Qəbələ” akademiyasının Azərbaycan futboluna necə xeyir verdiyindən bəhs edib: “Mənim fikrimcə, Niderland Avropada gənc futbolçuların yetişdirilməsi baxımından ən yaxşı ölkə idi. Buna görə də oradan Azərbaycana məşqçilər gətirdik. Məqsədimiz illər keçsə belə, fəaliyyətini davam etdirəcək bir sistem qurmaq idi. Hazırda Azərbaycan milli komandasının futbolçularının 85 faizi həmin akademiyanın yetirməsidir”.

Qeyd edək ki, Toni Adams 2010-2011-ci illərdə “Qəbələ”ni çalışdırıb.

Bənzər xəbərlər