featured-image-21202

İngiltərənin “Tottenhem” klubu baş məşqçi postunda dəyişikliyə hazırlaşır.

Msport.az xəbər verir ki, London təmsilçisi indiki baş məşqçisi Antonio Konte ilə əməkdaşlığı davam etdirməkdə maraqlı deyil.

Britaniya mətbuatının yazdığına görə, italiyalı mütəxəssislə yolların ayrılmasına qərar verilib. 53 yaşlı məşqçinin klubla müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. Tərəflər yeni müqavilə bağlamaq isrəmədiyindən, Konte mövsüm bitən kimi postundan ayrılacaq.

Artıq “Tottenhem”in yeni baş məşqçi seçimi də bəllidir. Londonlular komandanı sabiq baş məşqçi Maurisio Poçettinoya tapşırmaq istəyir. Hətta klub rəhbərliyinin argentinalı mütəxəssisi geri qaytarmaq üçün danışıqlara başladığı iddia olunur.

Premyer Liqa təmsilçisində baş məşqçi postuna digər namizəd isə “Çelsi”nin sabiq çalışdırıcısı Tomas Tuxeldir. Lakin onunla danışıqlara Poçettino ilə razılıq əldə olunmayacağı halda start veriləcək.

Xatırladaq ki, Poçettino 2014-2019-cu illərdə “Tottenhem”in baş məşqçisi olub. 50 yaşlı mütəxəssis son mövsümündə komandayla Çempionlar Liqasının finalına yüksəlib. O, bu komandanı 293 matça çıxarıb. Londonlular bu görüşlərdə 159 qələbə qazanıb, 62 heç-heçə edib, 72 oyunda uduzublar.

Antonio Konte isə 2021-ci ilin noyabrından çalışdırdığı “Tottenhem”i 64 oyuna çıxarıb, 35 qələbə sevinci yaşayıb, 10 heç-heçə edib, 19 məğlubiyyətə üzülüb.

Bənzər xəbərlər