featured-image-24546

Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçularla gücləndirib.

Msport.az xəbər verir ki, bir neçə gün öncə “Adana Dəmirspor”dan ayrılan yarımmüdafiəçi Gökhan Töre Super Liqa klubu ilə anlaşıb.

31 yaşlı vinger Ankara təmsilçisi ilə bu mövsümün sonunadək anlaşıb. Töre bu mövsümün əvvəlində keçdiyi “Adana Dəmirspor”da cəmi 5 oyuna çıxmış və 3 qol da vurmuşdu.

“Ankaragücü” 2021-ci ilin yayında yollarını ayırdığı müdafiəçi Stelios Kitsiunu da sıralarına qaytarıb. Yunanıstandan olan 24 yaşlı futbolçu o vaxtdan “Qaziantep”də oynayırdı. O, bu komandada 54 oyuna 1 qol vurub. Lakin Türkiyədəki dəhşətli zəlzələdən sonra Qaziantep klubunun Super Liqadan çəkilməsi əksər futbolçuların bu komandanı tərk etməsinə səbəb oldu. Kitsiu da vaxtilə heyətində 75 matç keçirib, 3 qol vurduğu Ankara klubuna qayıdıb. Tərəflər bu mövsümün sonuna kimi anlaşıblar. Yunanıstan yığmasının üzvü PAOK və “Sent-Trüden”in də formasını geyinib.

“Ankaragücü” “Qaziantep”dən ayrılan çexiyalı sol cinah müdafiəçisi Matey Hanouseki də heyətinə qatıb. 29 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında bu komandada forma geyinəcək. “Qaziantep” onu bu mövsümün əvvəlində Çexiyanın “Sparta” (Praqa) klubundan 2023-cü ilin yayına kimi icarəyə götürmüşdü.

Ankara klubu “Qaziantep”in mərkəz müdafiəçisi Arda Kızıldağı da icarəyə götürüb. 24 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Türkiyəli futbolçu 2022-ci ilin yayından formasını geyindiyi “Qaziantep”də cəmi 9 oyuna çıxıb və 1 qol da vurub. O, daha öncə “Gənclərbirliyi” və “Hacettepespor” kimi klubların formasını geyinib.

“Qaziantep”in Çilidən olan sol cinah yarımmüdafiəçisi Anxelo Saqal da Super Liqa təmsilçisini Macarıstanın “Ferentsvaroş” komandasına dəyişib. 29 yaşlı vinger bu mövsümün sonuna kimi Macarıstanda icarədə oynayacaq. O, 2021-ci ilidən formasını geyindiyi “Qaziantep”də 51 oyuna 14 qol vurub. Yarımmüdafiəçi Çilli millisində də 18 oyuna 2 qol vurub.

Bənzər xəbərlər