Türkiyə klubunun futbolçusu şərti həbs cəzası aldı
Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreya millisinin futbolçusu Hvan Ui-Çonu qeyri-qanuni cinsi əlaqəni lentə aldığı üçün bir il şərti həbs cəzasına məhkum edib.
Msport.az xəbər verir ki, Türkiyənin “Alanyaspor” klubunun hücumçusu 2022-ci ilin iyun-sentyabr ayları aralığında iki qadının razılığı olmadan dörd dəfə çəkiliş aparmaqda günahlandırılıb.
Məhkəmə Hvan Ui-Çonu qadınlardan yalnız biri ilə bağlı ittihamlarda təqsirli bilib. Onun törətdiyi cinayəti etiraf edib peşmanlıq hissi keçirməsi, videoları üçüncü şəxsin sosial şəbəkələrdə paylaşması da nəzərə alınıb.
Videoları 32 yaşlı futbolçunun böyük qardaşının arvadı onu şantaj etmək məqsədilə yayıb. O isə şantaj ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Hvan Ui-Ço Cənubi Koreya millisində 62 oyun keçirib, 19 qol vurub.