Türkiyədə 3700 futbolçu mərc oyunlarında iştirakda şübhəlidir
Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu hakimlərə aid mərclər qalmaqalı ilə bağlı aparılan araşdırmanın genişləndirildiyini bildirib.
Msport.az xəbər verir ki, indi də növbə futbolçulara çatıb.
Onların sayı 3700 nəfərdir. Hacıosmanoğlu qeyd edib ki, apreldə aparılan ilkin yoxlamada “Ankaraspor” – “Nazilli” görüşünün nəticəsindən hər iki tərəfin fayda götürüb və məsələ ilə bağlı dərhal tədbir görülməsi üçün göstəriş verilib: “Hər iki tərəfdən də həmin matça mərclər edilmişdi. Biz tərəf olaraq maksimum həddə cəza tətbiq etdik”.
TFF prezidenti əlavə edib ki, ilkin mərhələdə araşdırma hakimlərlə bağlı olsa da, bu, genişlənərək futbolçulara da şamil edilib: “Hakimlərlə başladıq, indi növbə futbolçulardadır. 3700 nəfər futbolçu ilə bağlı araşdırma aparılır”.
Qeyd edək ki, daha əvvəl Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirak edən 149 hakimin 8-12 ay müddətinə futboldan uzaqlaşdırıldığını açıqlayıb.







