UEFA “Arsenal”ı 10 illik avrokuboklardan uzaqlaşdırdı
Monteneqronun “Arsenal” klubu 10 il müddətinə UEFA-nın bütün turnirlərində iştirakdan məhrum edilib.
Msport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
“Arsenal” barədə istintaq 2023-24 mövsümündə Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Alaşkert”lə (Ermənistan) cavab oyunundan sonra başlanılıb. Həmin matçda “Arsenal” “Alaşkert”ə 1:6 hesabı ilə uduzub (2 oyunun cəmi 2:7).
Araşdırmalardan sonra həmin matçın danışılmış oyunlar siyahısına aid olduğu üzə çıxıb. Monteneqro Futbol İttifaqı UEFA-nın bu qərarını təsdiqləyib. “Arsenal” 500 min avro cərimələnib. Həmçinin klub 10 illik avrokuboklardan kənarlaşdırılıb.
Komandanın oyunçusu Nikola Çelebiç və klubun idman direktoru Ranko Krqoviç ömürlük bütün futbol fəaliyyətlərindən uzaqlaşdırılıb. Futbolçular Çetko Manojloviç, Radule Jivkoviç və Duşan Puletiç 10 il müddətinə futboldan kənarlaşdırılıblar.