UEFA-dan ən çox gəlir götürən klublar – “3-lük”
“Mançester Siti” futbolçularının milli komandadakı çıxışlarına görə UEFA-dan ən çox gəlir əldə edən klub olub.
Msport.az xəbər verir ki, UEFA 2020–2024-cü illəri əhatə edən klub güzəştləri proqramı çərçivəsində vəsaitlərin bölgüsünə dair məlumat yayıb.
Bu dördillik dövrə Millətlər Liqasının 2020-21 və 2022-23 mövsümləri, AVRO-2024-ün seçmə mərhələsi və final mərhələsi daxildir.
Hesabat dövründə futbolçuların millilərin oyunlarında iştirakı qarşılığında klublara ümumilikdə rekord həddə – 233 milyon avro ödənilib. Bu vəsait UEFA-ya üzv 55 ölkədən 901 klub arasında bölüşdürülüb.
“Mançester Siti” öz futbolçularının yığmalardakı çıxışına görə 5,17 milyon avro qazanaraq siyahının birinci pilləsində yer alıb. İkinci sıradakı “Real” bu proqram çərçivəsində 4,79 milyon avro, üçüncü yerdə gedən “İnter” isə 4,65 milyon avro əldə edib.