featured-image-21378

UEFA milli komandalar arasında turnirlərdə islahatlar aparılması məsələsini müzakirə edəcək.

Msport.az “As”a istinadən xəbər verir ki, bu gün Nionda təşkilatın İcraiyyə Komitəsinin toplantısı olacaq. İclasda Avropa yarışlarında bəzi dəyişikliklər gündəliyə çıxarılacaq.

İlk məsələ dünya çempionatının seçmə mərhələsi ilə bağlıdır. 2026-cı ildən mundialda 48 komanda iştirak edəcək. Onlardan 16-sı Avropanı təmsil edəcək. Bununla bağlı UEFA seçmə mərhələnin reqlamentini dəyişmək istəyir.

Seçmə mərhələdə 4 və ya 5 komandanın mübarizə apardığı 12 qrup yaradıla bilər. Qrupda 1-ci yeri tutanlar birbaşa dünya çempionatına vəsiqə qazanacaqlar. Digər 4 yerin sahibi isə pley-off oyunlarından sonra məlum olacaq.

Bu, təklif olunan yeganə variant deyil. Lakin istənilən dəyişiklik oyunların sayının azalması ilə nəticələnəcək. Ötən illərdə nəticəsi heç bir əhəmiyyət kəsb etməyən matçlara görə, televiziya auditoriyasının müəyyən hissəsi əldən çıxmışdı.

Bundan başqa, UEFA Millətlər Liqasının formatında dəyişikliklər edilməsi məsələsinə də baxacaq. Əgər əvəllər A liqasında qrupda 1-ci yeri tutan yığmalar “Dördlər Finalı”na yüksəlirdisə, indi yarışda pley-off mərhələsi ola bilər. Pley-offda artıq qrupda 2-ci yeri tutan komandalar da mübarizə aparacaq.

Mənbənin sözlərinə görə, UEFA Avropa çempionatında komanda sayının 32-yə çatdırılmasından imtina edib. Yeni formatın 2028-ci ildən qüvvəyə minməsi gözlənilirdi. Lakin qitə futbol qurumu bu eksperimentdən vaz keçib. Onların fikrincə, bu qərar yarışın baxımlılığını aşağı sala bilərdi.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər