"Van Qal gedəndən sonra Riberi..." Di Mariya yenə niderlandlı məşqçini tənqid etdi
Argentina milli komandasının futbolçusu Anxel Di Mariya “Mançester Yunayted”də birgə işlədikləri Lui van Qalı tənqid edib.
Msport.az “TyC Sports”a istinadən xəbər verir ki, vinger İngiltərə klubunda çıxış edərkən niderlandlı məşqçi ilə problemləri yaranmışdı. Hətta Di Mariya van Qalı “karyerasındakı ən pis məşqçi” adlandırmışdı.
Dünya çempionatında Niderland – Argentina oyunundan əvvəl 71 yaşlı mütəxəssisə bu sual verilmişdi. O, həmin vaxt belə cavab vermişdi: “Di Mariya çox yaxşı futbolçudur. Mən onunla “Mançester Yunayted”də işləyəndə şəxsi problemləri var idi, bu da oyununa təsir edirdi. O deyib ki, mən karyerasında ən pis məşqçi olmuşam? O, tək-tük oyunçulardan biridir ki, belə danışır. Təəssüf. Məşqçi bəzən heç də hamının qəbul edə bilməyəcəyi qərarları verməli olur”.
Di Mariyanın da buna cavabı gecikməyib: “Van Qal deyib ki, azsaylı oyunçulardan biriyəm ki, onu tənqid etmişəm. Halbuki belələri az olmaylb.
Yadımdadır, Riberi van Qalın dövründə “Bayern Münhen”də 1 il ehtiyatda oturdu. Van Qal gedəndən sonra Riberi dünyanın 3 ən yaxşı futbolçusu sırasına daxil oldu və “Qızıl top”u qazanmağa yaxın idi. Məncə, bu artıq hər şeydən xəbər verir”.
ANAR ABDULLAYEV







