Viktor Osimhen zədələndi
DÇ-2026-nın 7-ci turunda Nigeriya ilə Ruanda arasında keçirilən oyunda Viktor Osimhen zədə alıb.
Msport.az xəbər verir ki, 27-ci dəqiqədə zədələnən Nigeriya millisinin və “Qalatasaray”ın ulduzu oyunu davam etdirə bilməyib və 36-cı dəqiqədə Sirel Desserslə əvəzlənib.
Matçdan sonra Nigeriya millisinin baş məşqçisi Erik Çell Osimhenin durumu barədə belə danışıb: “O, topuğunda ağrı hiss etdi. Vəziyyəti sabah (bu gün – red.) qiymətləndiriləcək”.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk da Osimhenin zədələnməsi barədə danışıb: “Osimhenlə əlaqə saxladıq. Ayağında ağrı olduğunu öyrəndik. Hazırda dəqiq vəziyyəti bilmirik. İmkan olarsa, ən qısa zamanda onu bura gətirib yoxlanışdan keçirmək istəyirik. Ağrısı var və 2 gün sonra keçiriləcək oyuna çıxa bilməyəcək. Nə durumda olduğunu görəcəyik. Qarşıdan Çempionlar Liqası oyunları gəlir. Bizim üçün çox üzücü oldu. Ümid edirəm, ciddi bir şey deyil. Futbolçular milli komandaya gedəndə həmişə müəyyən narahatlığım olur, bu axşam isə həmin qorxular bir az gerçəyə çevrildi”.
Qeyd edək ki, “Qalatasaray” bu yay Osimheni 75 milyon avroya “Napoli”dən birdəfəlik transfer edib.