Yan Zommer “Mançester Yunayted”də keçir
İsveçrə millisinin qapıçısı Yan Zommer ya qış, ya da yay “transfer pəncərəsi”ndə “Mançester Yunayted”ə keçəcək.
Msport.az “Bild”ə istinadən xəbər verir ki, İngiltərə klubu 35 yaşlı qolkiperi əsas qapıçı kimi nəzərdə tutub.
Zommer 2014-cü ilin yayında “Bazel”dən “Borussiya Münhenqladbax”a keçib. O, cari mövsümdə Almaniya təmsilçisinin heyətində 15 matçda 19 top buraxıb və 4 “quru” oyun keçirib. Zommer hazırda 1\8 finala hazırlaşan İsveçrə yığmasının düşərgəsindədir. O, qrup mərhələsinin Serbiya ilə son oyununu (3:2) soyuqdəyməyə görə buraxmalı olmuşdu.
Hazırda “Mançester Yunayted”in əsas qapıçısı David de Xeadır. Onun müqaviləsi mövsümün sonunda başa çatır. Qeyd edək ki, Zommerin də müqaviləsi cari mövsümün sonuna kimidir.