“Yaxşı nəticə üçün ciddi hazırlaşacağıq”
İki gün vaxtımız var. Yaxşı nəticə üçün ciddi hazırlaşacağıq.
Msport.az xəbər verir ki, bu sözləri badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi deyib.
Baş məşqçi bu gün mübarizəyə başlayan yığma üzvü Keişa Fatimə Zəhranın çıxışını dəyərləndirib: “İlk oyunumuz dünya reytinqli çinli idmançı He Bin Çzyaoya qarşı oldu. O, titullu badmintonçudur və 27 yaşı var. Olimpiadada yetəri qədər təcrübəyə malikdir. Keişa ilə məşq zamanı onu analiz edir, qarşısına ən yaxşı şəkildə çıxmaq istəyirdik. Lakin 2:0 hesabı ilə məğlub olduq. Düşünürəm ki, Zəhra 85 faiz öz gücünü göstərə bildi. Düzdür, ilk setdə həyəcan keçirdi, çünki bu onun ilk Olimpiadasıdır. İkinci setdə isə rəqib oyuna daha yaxşı başladı. Artıq özümüzü iyulun 29-da Böyük Britaniya badmintonçusu Kristi Gilmora qarşı keçirəcəyimiz ikinci matça hazırlamalıyıq”.
Mütəxəssis “Paris-2024”də qüvvəsini sınayacaq digər badmintonçumuz Edi Reski Dviçayonun yarışdakı şanslarını da dəyərləndirib: “Edi Zəhradan daha təcrübəlidir. O, rəqibi ilə qarşılaşmağa tam şəkildə hazırdır. Onunla dünən söhbətləşdik. Yaxşı çıxış edəcəyi ilə bağlı mənə söz verdi. Ümid edirəm ki, ayın 29-u Azərbaycan badmintonu üçün xoş xəbərlərlə yadda qalar. Amma nəticə hər nə olursa- olsun, burada iştirakımız belə bizim üçün fəxrdir”.
Qeyd edək ki, Olimpiadada badminton yarışları iyulun 27-dən avqustun 5-dək təşkil olunacaq.